Müxalifət bu gün növbəti mitinqini keçirəcək

Hamı saat 15:00-da Bakının mərkəzinə!
Aksiyanın əsas tələbi təkrar parlament seçkilərinin keçirilməsidir

Bu gün birləşmiş müxalifət təkrar parlament seçkilərinin keçirilməsi tələbi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirəcək. Seçkiöncəsi olduğu kimi təşkilatçılar bu günkü mitinqi altı marşrut üzrə - Xalçaçılıq muzeyi-Azadlıq meydanı, “Qarabağ” mehmanxanası- “Nərimanov” kinoteatrı, Ayna Sultanovanın heykəli-Gənclik meydanı, Əzizbəyov heykəli-Elmlər Akademiyası binasının qarşısı, “28 May” metrostansiyası- Cəfər Cabbarlı heykəlinin qarşısı, Sabir bağı-Füzuli meydanı - keçirməyi nəzərdə tutur. 15:00-da başlayacaq aksiyanın konkret hansı meydanda keçiriləcəyi mitinqdən bir neçə saat öncə bəlli olacaq.

Onu da nəzərə çatdıraq ki, bu aksiya birləşmiş müxalifətin parlament seçkilərindən sonra təşkil etdiyi ilk sanksiyalaşdırılmamış tədbiridir. Dünən Mitinq Komitəsinin üzvləri Həsən Kərimov və Məmməd Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.

Görüşdə idarənin rəisi Məhərrəm Əliyev aksiyanın təşkilatçılarına razılaşdırılmamış mitinq keçirməmək barədə xəbərdarlıq edib. Məmməd Zeynalov görüşlə bağlı qəzetmizə açıqlamasında BŞBPİ rəhbərliyinin ənənəvi olaraq xəbərdarlıq etdiyini bildirdi: “Görüşdə prokurorluğun nümayəndələri də iştirak edirdi. Məhərrəm Əliyev söylədi ki, müxalifət sanksiyalaşdırılmamış aksiyaya cəhd göstərəcəyi təqdirdə, bunun qarşısının polis qüvvələri tərəfindən qətiyyətlə alınacağını söylədi. Biz isə öz növbəmizdə aksiyanı keçirməkdə israrlı olduğumuzu onların diqqətinə çatdırdıq”.

Müsavat Partiyası mitinq komitəsinin rəhbəri Arif Hacılı aksiyanın yerinin açıqlanmamasının taktiki gediş olduğunu bildirdi. Müxalifət qüvvələrinin bu tədbirə ciddi şəkildə hazırlaşdığını deyən A.Hacılı məqsədlərə nail olunacağını söylədi: “Hesab edirəm ki, etiraz aksiyası proseslərin gedişində 21 may tarixində keçirilən mitinq kimi əhəmiyyətli rol oynayacaq. Müxalifət sərbəst toplaşmaq hüququnu bərpa edə biləcək”.

O, həmçinin Milli Birlik və AMİP fəallarının aksiyada fəal iştirak edəcəklərini də vurğuladı.

AXCP sədrinin müavini Fuad Mustafayev təşkilatlarda aksiyaya ciddi hazırlıq işlərinin aparıldığını, partiya üzvlərinə davranışları ilə bağlı bir sıra tapşırıqlar verildiyini söylədi: “Nümayişçilərə tapşırılıb ki, mitinqdə polisə qarşı maksimum sayğılı və dözümlü olsunlar. Hakimiyyətin yarada biləcəyi hər hansı bir təxribata uymasınlar”.

Bugünkü aksiyanın vətəndaşların sərbəst toplaşmaq hüququnun təsbit edilməsi uğrunda olduğunu deyən F.Mustafayev bildirdi ki, müxalifət mübarizəsinin davamlı olduğunu göstərəcək: “Azərbaycan cəmiyyətinin bu vəziyyətlə barışmadığını nümayiş etdirəcəyik. Ümid edirəm ki, sabahkı aksiya ilə situasiyada dəyişiklik edə biləcəyik”.

Aksiyanın kütləviliyinin nə dərəcədə təmin olunacağına gəlincə, F.Mustafayev sanksiyalaşdırılmamış mitinqlərdə say çoxluğunun bir o qədər də önəm kəsb etmədiyini dedi: “Hər halda cəmiyyətin fəal hissəsi mitinqdə iştirak edəcək”.

Tədbirin əsas məsuliyyətini daşıyan yerli təşkilat rəhbərlərinin mövqeyini öyrəndik.

Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri Tofiq Yaqublu ümumi əhval-ruhiyyənin yüksək olduğunu dedi. Onun sözlərinə görə, partiya təəssübkeşləri və üzvləri aksiyada fəal iştirak etmək niyyətindədirlər: “Aparılan təbliğati, təşkilati hazırlıqlar belə deməyə əsas verir ki, aksiya bizim istədiyimiz kimi alınacaq”.

Səbail rayon təşkilatının sədri Hüseyn Məlikov bildirdi ki, hakimiyyətin son hərəkətləri cəmiyyətdə ciddi narazılıq doğurub: “İnsanlar öz haqları uğrunda mübarizədə iştirak etmək niyyətindədirlər. Bu gün keçirəcəyimiz aksiya hakimiyyətlə apardığımız haqq davasının növbəti mərhələsi olacaq”.

AXCP Nərimanov rayon təşkilatının sədri Cəmaləddin Ələkbərli mitinqin möhtəşəm alınacağını bildirdi: “Hakimiyyətin təzyiqlərinə baxmayaraq, insanların aksiyada iştirakını təmin etməyə çalışırıq”. C.Ələkbərli blokun razılaşdırılmamış aksiyalara başlamaq barədə qərarının yerinə düşdüyünü söylədi: “Müxalifət hakimiyyətə səhv yolda olduğunu başa salmalıdır. Bu gün nümayiş etdirəcəyimiz əzmkarlıq aksiyaların sonrakı taleyində əhəmiyyətli rol oynayacaq. Vətəndaşlar da təkrar seçkilər keçirilənədək tələblərimizdən geri çəkilməməyimizin tərəfdarıdır”.

LEYLA, Yeni Müsavat, 18.12.2005